azeri sevgi şeirleri, mesajlar sevirəm, romantik şeirlər, həsrət mesajlar
Sevgin ürəyimdə qərib düşübdür,
Yurdu talanıbdır yuvası uçub.
Gecələr sığınıb ümid payına
Dərin baxışında yuxu da susub.
Zaman çox yarama bil sığal çəkib,
Amma dərinlikdə nə çox qəm-kədər.
Nə çox iztirab var, nələr bilmirəm
Bəlkə ürək yatır bir ümman qədər.
Daha fikirlərim darma-dağındır,
Yolumun əvvəli başı görünmür.
Bəxtim daş içində sükut bağlayıb
Ayılan zamanı yaşı görünmür.
Özümü danlayıb günahkar deyə,
Elə hey kirpiklə od qaldırmışam.
Gözümü yollardan yığmışam daha
Özüm mən özümə dayaq olmuşam.
Ruhum bədənimdə hər çırpındıqca
Titrək baxışından sevgi ummuşam
İnsaf yaxşı şeydi, illər boyunca
Taleyin yükünü tək daşımışam.
Əlim yollarına uzalı qalıb
Belə çox çəkəcək uzun illər də.
Mənə dinclik vermir ,rahatlıq vermir
İttiham eyləyir xatirələr də.
Qəmim qəmim üstə yığılıb indi
Mənsə, bir ümidi dayaq bilmişəm.
Ömrün o başından dər ocağına
İri addımlarla qonaq gəlmişəm.
İllər bir dayağı qənimət bilib,
Nə səbrim vardısa, aldı apardı.
Ümid çırağımı söndürüb qəfil,
Qədər yaman yerdə pis axşamladı.